Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi ilə muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” XII ümumrespublika yarışlarının muxtar respublika üzrə zona birinciliyi keçirilib.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev yarışın əhəmiyyətindən bəhs edib, şagirdlərin təhlükəsizlik vərdişlərinin formalaşdırılmasında xüsusi rola malik olduğunu vurğulayıb.
İki mərhələdən ibarət yarışda 8 komanda mübarizə aparıb. Nəticələrə əsasən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəb birinciliyin qalibi olmaqla ölkə üzrə final mərhələsində iştirak hüququ əldə edib. Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası ikinci yerə sahib çıxıb. Şərur rayon Qarxun kənd tam orta məktəbi isə yarışmanı üçüncü yerdə tamamlayıb. İlk 2 yeri tutan komandalar ümumrespublika birinciliyində iştirak hüququ qazanıblar.
İlk üç yerin sahiblərinə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev, təhsil naziri Elxan Nəcəfov, gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov tərəfindən kubok və diplom təqdim edilib.
Yarışmanın əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.